Ən böyük kiçik ferma

Bu gün “The biggest little Farm” – “Ən böyük kiçik ferma” adlı sənədli filmə baxdım. Son zamanlar baxdığım ən qəşəng kiçik film idi 🙂 Ferma xəyalımı xatırladım yenə, bir də içimdəki təbiət sevgimi.

Təbiətin öz içindəki ahəng, bizim yaxşı və ya pis dediyimiz hadisələrin cəmi sadəcə mükəmməl harmoniyadan başqa bir şey deyil. “Hər şey bir səbəb üçün olur”u son zamanlar həm çox deyirəm, həm çox eşidirəm. Hər şey bir səbəb üçün olur əlbəttə. Yaşadığımız bu günlərdə ən çox özümüzə xatırlatmağımız lazım olan cümlə deyilmi bu? Mən yaşadığımız bu günlərin də bir səbəb üçün olduğuna inanıram, təbiət ananın özünü tarazlama, tənzimləmə yollarından biri olduğuna inanıram. İnsan övladının vurduğu ziyanları təbiət ana ya insanları yox eləməklə ya da evlərinə həbs etməklə tarazlaya bilərdi. Bütün insanlıq bundan nə öyrənəcək günün sonunda? Bilmirik, bəlkə də heç nə öyrənməyəcək. Qaldığı yerdən təbiəti məhv etmə çabalarına davam edəcək. İnsanlıq təbiətin virusudur. Necə ki, virusun yaşamaq üçün bizə canlı ehtiyacı varsa və bizi öldürmək əslində onun özünün ölümüdürsə, eynilə insanın təbiətə canlı ehtiyacı var. Təbiəti öldürsək biz də öləcəyik. Amma bizdən fərqli olaraq təbiət ana çox güclüdür, onun içindəki mükəmməl harmoniya onu həmişə sağ qoyacaq, biz insanları öldürmək bahasına belə olsa… Təbiət ananı çox incitsək, bizi yox edəcək. Biz insanlar isə acizik, gücsüzük. Güclü olduğumuzu zənn edib hər şeyi öz kiçik beynimizlə kontrol etməyə çalışırıq, amma kontrol ondadır…

Keçək filmə… Film vəhşi təbiətin mükəmməl harmoniyasını o qədər gözəl danışır ki bizə, duyğu dənizində üzürsən, hərdən də dibə batıb çıxırsan 🙂

 

 

Cütlüyün itləri ilə birlikdə böyük bir ərazi alıb, 0-dan ferma yaratmaqlarını, hər il hansı çətinliklərin gəldiyini, təbiət öz içində necə davalar edib amma sonunda o mükəmməl harmoniyanı yaratmasını göstərir, nəbilim bir gün çaqqalların gəlib toyuqları yeməsi, başqa fəsildə quşların meyvələri yeməyi, güclü qasırğalar sezonu, güclü yağışlar sezonu, heyvanların həm bir-birini öldürməsi, həm bir-birlərini qoruması və bütün pis görünən hadisələrin belə əslində təbiəti qorumağa xidmət etməsini görürük. Bunları əslində hamımız bilirik hə? Amma bir də filmə baxın, bu duyğuları nə qədər bilirik bəs?

O fermanı yaradan insanları o qədər qısqanıram ki… O gözəlliyin içində və eyni zamanda o gözəlliyin hər an məhv olma qorxusunu yaşamaq, amma hər şeyin sonunda təbiətə təslim olmağın verdiyi zövqü sümüklərimə qədər hiss etmək istəyirəm mən də. O gözəgörünməz, amma hiss edilən möhtəşəm ahəngi duymaq istəyirəm mən də hər gün…

Baxdız bu filmə, daha sonra da Zülfi Livanelinin “Son Ada”-sını oxuya bilərsiniz, bir az da hər şey tamamlansın içində. Nələrin içində yaşadığımızı anlayaq bir az da.

 

Yaşadığım hər anda, ən həyata nifrət etdiyim anda belə o ahəngi hiss edə bilirəm. O an içimdən hər şey bir səbəb üçün olur deyə bilirəm, bir xeyir görmürəm amma görəcəm nə vaxtsa bilirəm. Sadəcə indi pisəm, nifrət edirəm hər şeyə və bu duyğunu da yaşamalıyam indi deyirəm. Yəqin ki bu da bir şeylərə xidmət edir deyirəm…

Son zamanlar ard-arda çox pis şeylər yaşadım, amma hər biri bir şeyə xidmət edirdi, bunları gördüm yenə də. Və həyat yaxşı və pis hadisələr olmaqla tək bir məqsədə xidmət üçün davam edəcək, ömrümüz yetdiyi qədər də biz də şahid və vasitəçi olacağıq, həm yaxşıya, həm də pisə.

 

Salam. Adım Qənirədir və bu blogun adminiyəm. Hal-hazırda Şotlandiyada yaşayan azərbaycanlı bir həkiməm. Möcüzələrlə dolu həyat yaşayıram və sizlərlə təcrübələrimi bölüşmək üçün səbirsizlənirəm!

Bir cavab yazın