Uzun zamandır yazmıram. Həm yazmaq istəyirəm, həm də yox. Sanki hərşeyə qarşı marağımı itirmişəm, əvvəllər zövq aldığım şeylərdən belə zövq almıram uzun zamandır. Amma yazmaq da istəyirəm, həm düşündüklərimi, həm yaşadıqlarımı... Bunu ən çox gələcəkdəki mən üçün etmək istəyirəm. Xatırlamaq üçün... Zövq aldığım çox az şey qalıb, çox yorğun hiss edirəm özümü. Həm fiziki olaraq, həm psixoloji, həm mənəvi olaraq. Sanki rezerv enerjimi son damlasına qədər istifadə etdim artıq bu iki ildə və zorla özümü bu nöqtəyə çatdırdım. Enerji reservimi şarj etməyə yollar tapırdım, sırf imtahanımı verə bilmək üçün. Uzun müddət savaş modunda oldum, psixoloji olaraq çox çətin dönəmlər yaşadım və sonunda bitdi dediyim anda çökdüm. Çünki artıq rezervimi dibiniə qədər istifadə etmişdim, bitmişdim və ən çox gözlədiyim anı böyük bir stres içində yaşamışdım. Bu savaş modunda olmağı seçmişdim, çünki o zaman başqa yolum yox idi, amma tək ümidim bitəcək və mən yenidən başlamaq üçün qəşəng bir istirahətlə özümü mükafatlandıracaq olmağım idi. Amma təbii ki xəyallar və həyatlar olaraq istirahətin i-sini də edə bilmədim. İstəmədiyim şeyləri etməyə məcbur oldum, günün sonunda da o istirahət üçün saxlanılmış zamanı böyük bir boşluqda, yorğunluqda və həyatdan zövq almamaqla keçirdim. O zaman bitdiyində isə yenidən işlərimə, digər imtahanlara başlamağa məcbur qaldım. Boşluqda və depressiv hiss etdiyim zamanlarda axtarırdım, düşünürdüm nə edim, nə etməliyəm deyə. Hər şeyə baş vurmuşdum, əvvəllər məni xoşbəxt edən hər şey. Amma heçnə işə yaramırdı. Kitab oxumaq, kinoya baxmaq, gəzməyə getmək, dostumla söhbət etmək, yazmaq, yeni bir şey öyrənmək və s və ilaxır. Mən təbiət olaraq həmişə eləməyə bir şey tapan insanam, heç vaxt boş qalmıram və hər zaman vaxtdan şikayət edərəm. Çünki edəcək o qədər şey varki əslində, oxuyacaq nə qədər kitab, öyrənəcək nə çox şey var ki 1 ömür yetməz. İlk dəfə idi etməyi istəyəcək heçnə tapmırdım və artıq özümdən qorxurdum. Son verdiyim imtahanda depressiv xəstələrdən xəstəlik tarixi alanda verdiyimiz ən önəmli suallardan biri də, "etdiyin şeylərdən zövq alırsan mı?" sualı idi. Bu sualı hər gün özüm özümə dəfələrlə verirdim, xəstə də həkim də özüm idim :) Və cavabım hər dəfəsində məni qorxudurdu :) Beynimin içində dava idi davamlı. Çarə tapa bilmirdim. Ən qəribəsi də bunu ən sevinməli və xoşbəxt olmalı olduğum zamanda yaşayır olmağım idi. Beynimdə sorğuladığım çox şey, cavabı olmayan çox sual, yaşadığımız çox şeyinsə mənasız olduğuna dair çox sübut var idi. Hələ də var... Hələ də çıxış yolunu, həyatdan doyasıya zövq almaq yollarını axtarıram. Amma bilirəm ki, tək cavabım qısa müddətlik də olsa istirahət etmək, gündəlik qayğılardan uzaqlaşmaq, heç nəyi düşünmədən doyasıya istirahət edib, enerjimi depolayıb yenidən daha motivə olmuş halda davam etmək idi. Biz psixoloji sağlamlığı çox vaxt önəmsəmirik, amma həyatdan zövq almadan yaşadığımız hər saniyə əzabdır. Yeməyi yeyib dadını almadıqca, musiqini dinləyib ruhunda onu yaşamadıqca, başqalarıyla sevə-sevə, doya-doya söhbət edə bilmədikcə yaşamırmışıq kimi bir şeydir günün sonunda. Özümə yalançı, süni yollarla xoşbəxt olacaq şeylər yaratmağa başladım, çox vaxt sonunda yenə də pis hiss edirdim. Çünki özüm öz başımı aldadırdım, içəridəki o hissləri, duyğuları, istəkləri olan insanın istədikləri bu deyildi. Valideynlər uşaqları sussun deyə əllərinə telefonu verib başlarını qatdıqları kimi... Halbuki o uşaq sadəcə kiçik bir sevgi görmək istəyirdi, bir qucaq, saçlarına bir sığal bəlkə də... Mən də özüm özümə başımı qatsın və məni narahat etməsin deyə diqqət dağıdıcı şeylər tapırdım gün ərzində, axşamlar içərini check edirdim və sadəcə vaxt öldürmüşdüm istədiyim bu deyildi :) Amma ki beynimdə olan cümlələrdən biri də Fake it, until you make it! idi. Bəlkə bu işə yarayardı... Amma birtəhər məni həyəcanlandıracaq fikirlər tapmağa başladım yavaş-yavaş. Hal-hazırda da get-gəldəyəm, bəzən çox çökürəm, bəzən o motivasiyanı özümdə tapıram. Əslində o çökdüyüm zamanlarda da bilirdim durub bir idman, bir yoga etməliyəm ki biraz da olsa serotoninlər dolaşsın qanımda. Amma onu da edə bilmirdim, istəmirdim, bacarmırdım, o motivasıyanı tapa bilmirdim. Sonra bir gün necəsə qərar verdim, oturdum mata. Bu belə davam etməz dedim, nəfəs alırsan və yaşayırsan, istəsən də istəməsən də davam etməlisən, hədəflərin üçün yenə çalışmalısan və yaşadıqca bu həyatdan zövq almağın yollarını tapmalısan dedim. Yogaya başladım, bugün 5-ci günüm idi. Ciddi-ciddi başladığım gündən sonra özümü çox daha yaxşı hiss edirəm, başladım yenə imtahanlarıma hazırlaşmağa, hədəflərimi düşünməyə, yeni şeylər öyrənməyə. Mən yalnızca öyrəndikcə yaşadığımı hiss edirəm. Gəzməyi də çox sevirəm məsələn, amma gəzmək mənim üçün öyrənməyin ən maraqlı yollarından biridir, onu da ən çox buna görə sevirəm. Yogaya başladığım gündən bu yana 2 dəfə heç eləmək istəmədiyim günlər olub, ya çox yorğun olduğum üçün ya da ağrıyır olduğum üçün. Amma hər ikisində də özümü məcbur edib o günün yogasını edəndən sonra özümü çox daha yaxşı hiss etmişəm. Yoganın fiziki və mənəvi faydaları saymaqla bitməz amma, ondan da ən çox bədənimin limitlərini öyrənirəm deyə zövq alıram... Və hər gün nə qədər limitləri zorlaya biləcəyimi, nə qədər irəli gedə biləcəyimi görmək o zövqü ayrı bir səviyyəyə qaldırır.

Ən çox da yoga edəndə Macy-nin də gəlib yanımda meymunluq etməyini sevirəm :)

20210727_094013.JPG

Diblərdə olduğum günlərdən birində özümü xoşbəxt etmək üçün tək günlük səyahətə Loch Lomonda getmişdim. Bəlkə də məni xoşbəxt edəcək, özümə gələcəm deyə ümid etmişdim amma heç gəzmək içimdən gəlmədi, sadəcə kitab oxuya bildim meşədə. O gün kitabda bu səhifə çıxmışdı qarşıma

IMG_6318.JPG

Olduğum situasiyanı üzümə vurmuşdu bu cümlə, bəlkə də fərqində deyildim, bəlkə də görmək istəmirdim. Ya həyat bizimlə danışırsa? Bunun doğru olduğuna əminəm artıq. Amma bəs mən onu eşidə bilirdimmi, duya bilirdimmi? Bəlkə də anlatacaq çooox şeyi var, bəlkə də dayanmadan anlatır...

Elə həmin günün sonunda da bu yazı çıxdı qarşıma

IMG_6347.JPG

IMG_6432.JPG

IMG_6439.JPG

Yazacaq çox duyğu, çox düşüncə, çox yaşanmışlıqlar var, amma hələlik bu qədərini yazıya tökə bildim...


By Ganira Ahmadova