Nəfəsim kəsildi o gün...

2 gün öncə bu dəfəki blog postumun mövzusuna qərar vermişdim və şəkillərini hazırlamışdım, o haqda yazacaqdım. Amma yaza bilmədim, çünki nəfəsim kəsildi, ürəyim yerindən çıxacaq kimi atmağa başladı yenə, dəhşətli bir acı içində dondum qaldım. Həyatımın müəyyən dövrlərində yaşadığım bu hiss heç də mənə yad deyildi. Yenə bunu yaşayırdım, qəfildən bir yaxınımızı itirdim, şoka düşdüm, nəfəsim kəsildi, həyat durdu bir anlıq. Nə baş verirdi? Anlam verə bilmirdim, anlamırdım, ola bilməzdi, inanmadım. Amma beynim bir tərəfdən, " heç də uzaq olmayan keçmişdə daha betərini yaşamısan sən, daha heç vaxt həyatda ürəkdən gülə bilməyəcəksən kimi hiss edirdin, amma keçir, bilirsən" deyirdi... Ürəyim çıxacaqmış kimi atanda beynimə "nə edim indi mən" deyirdi? Çıxa bilmirəm axı bu vəziyyətdən, özümə gələ bilmirəm axı deyirdi. Necə ola bilərdi, daha bir gözlənilməz, cavan bir insanın ölümü... 2-3 gün öncə görüntülü zəngdə səsini eşidib, üzünü görmüşdüm axı... Və yenə mən çox uzaqda idim, orda sevdiyim insanlar nə halda idilər, nə edirdilər bilmirdim amma o acını dərindən hiss edirdim yenə. Əllərim, ayaqlarım 2 gün əsdi. "Nə edim?" deyə-deyə durdum. Gözümü yumanda gördüyüm görüntüdən, səssizlikdə eşitdiyim səslərdən qurtulmaq üçün ağlıma gəlməyəcək hər şeyi edirdim yenə.

Dərin-dərin nəfəslər alıb, özümü təlqin edirdim. Hər şey yaxşıdır deyib beynimi inandırırdım, çünki beynimə, mənə çıxış yolu göstərməsinə ehtiyacım var idi. Beynim mənə hər şey mənasızdır bu həyatda deyirdi, niyə yaşayırıq, nə üçün, kim üçün deyirdi. Haqlı olduğunu bilirdim amma yaşamağa, bir yalana tutunmağa ehtiyacım var idi. Hamı kimi mən də həyatın mənasını sorğulamağa başladığım zamanlarda özümü yalan olunduğunu bildiyim dəyərlərə inandırmışdım və həyatımı o yönlərdə qurmuşdum. Əks halda yaşamın bir mənası yox idi və bu sorgulamanın sonu ya dəli olmağa ya da intihara gedib çıxardı. İnsan hər zaman bir şeyə tutunur və onu həyatda saxlayan şey o olur. Bu  isə bir illuziyadır, sadəcə bir illuziyanın içində özümüzü inandırdığımız yalanların içində nəfəs almağa çalışırıq... Amma bəlkə də sabah daha yaxın birini itirəcəm ya da bəlkə sabah qəfil yox olacaq insan elə özüməm. Bu düşüncə məni daha da gücləndirir, eləmək istədiyim amma beynimdəki, cəmiyyətdəki sərhədlərin məni saxladığı şeyləri eləməyə daha da cəsarətlənirəm. Onsuzda bir illuziyanın içində yaşayırdım, istədiyim şeyləri etsəm də, etməsəm də bir mənası yox idi, o zaman qoy o tutunduğum yalan xəyallarım olsun! Xəyallarıma daha möhkəm tutunmağı seçdim bu dəfə, heçkəsə heçnəyə baxmadan istədiyim hər şeyi etməyə cəhd edəcəkdim, çünki etməsəm də, daha "güvənli" bir həyatı seçsəm də, günün sonunda hamısı bir illuziya idi. Mən möcüzələrə həqiqətən inanıram, bir illuziyanın içində hər şey mümkün idi çünki...

Bu şəkildə çox xoşbəxt görünürəm? Bu da bir illuziyadır, özümü çox bərbad hiss etdiyim o gün idi. Evdə bir müddət nəfəssiz qaldıqdan sonra, o içindən çıxa bilmədiyim ruhsal çöküşümdən qurtulmaq üçün beynimi aldatmaq qərarı verib, geyinib-keçinib gəzməyə çıxdım. Çünki bu həyatda məni ən xoşbəxt edən şeylərdən biri gəzmək idi. Yolda bu xəyallarımın Vanını gördüm, qaçaraq yanına gedib, gülümsəyib poz verib şəkil çəkdirdim. İçəridə özümü *shit kimi hiss edirdim, amma beynim aldanırdı. Bir də bu van mənim xəyallarımdan biri idi, sırf buna görə də sevgilimin ad günündə bunun legosunu almışdım, özüm isə uşaq kimi böyüyəndə əslini alacam demişdim. Amma əlbəttə ki, gündəlik həyatın beynimizdə bizi sərhədləndirən çətinlik kimi görünən illuziyaları zaman zaman xəyallarımı unutdurur ya da boş şeylərdi, o əziyyəti çəkməyə dəyməz deyirdi. Mənsə yaşadığım şokla xəyallarıma tutunmağa və van xəyalımı unutmamaq üçün onunla xoşbəxt bir şəkil çəkdirməyə qərar vermişdim...


By Ganira Ahmadova