Couchsurfing nədir?

Couchsurfing nədir?

Səyahət


Couchsurfing səyahətsevərlər üçün yaradılmış, səyahət etdiyiniz ölkədə sizi qonaq edə biləcək, eyni zamanda sizin yaşadığınız ölkəyə səyahət edən insanları qonaq edə bilmək üçün yaradılmış çox faydalı platformadır. Mən də uzun zamandır istifadə etmək istəyirdim və nəhayət ki, evimizin qapılarını Argentinalı, çox əyləncəli, mehriban və çox bilgili Nicolasa açdıq :) Artıq platformanı təcrübədən keçirtdiyim üçün haqqında post yaza bilərəm deyə düşündüm, couchsurfing haqqında bilməyənlər varsa bəlkə onlar üçün faydalı ola bilər deyə.

İlk öncə qeyd etmək lazımdır ki, platforma tamamilə pulsuzdur, insanlara evinizi qonaq məqsədli açırsınız, onlar da eynən sizə. Bəs couchsurfing etməklə nə əldə edirik? Əslində əsas məqsəd səyahət etmək üçün ürəyi gedən, amma kifayət qədər maddi imkanı olmayan insanların pulsuz qala biləcək yer tapmasıdır. Amma couchsurfing günümüzdə o qədər inkişaf edib ki, artıq maddi imkanı yerində olan insanlar belə bundan əyləncə, öyrənmə, yeniliklərə açılmaq üçün istifadə edir. Həm də pula qənaət etməyin nəyi pisdir ki? :) Yəni siz həm səyahət etdiyiniz yerdə pulsuz qalacaq yer tapırsınız, həm orda yaşayan insanlarla səmimi bir vaxt keçirirsiniz. Heç tanımadığımız bir ölkədə yaşayan, tamamilə fərqli dünya görüşü olan, fərqli həyat tərzi olan, bizim bilmədiyimiz mədəniyyəti olan, bizdən fərqli işlərdə işləyən bir insanın bizə nə qədər fərqli, gözəl şeylər qata biləcəyini düşünün. Çox gözəl bir şeydir. Tarixi, mədəniyyəti sıxıcı dərs kitablarından öyrənməkdənsə belə əyləncəli bir şəkildə öyrənməyi kim istəməz ki? Ən faydalısı da çalışın öyrənmək istədiyiniz dili danışan insanları seçin. Və bütün saydıqlarımdan ən əsas və dəyərlisi insanlarla bağ qurmaqdır, bəlkə o insanla çox gözəl dost ola biləcəksiniz, xüsusilə bizdən fərqli, dili, dini, mədəniyyəti fərqli insanlarla bağ qura bilmək "paha biçilemez". Çünki, düşünürəm ki, "özümüz kimi"ylə hamımız bir şəkildə bağ qururuq. Və bir də ən əsası köməkləşməkdir. Bir birimizə kömək etməkdən daha gözəl nə ola bilər? Bir daşla neçə quş vurduq? :)

couchsurfing.jpg

Bəs bu platforma necə işləyir? Əvvəlcə Couchsurfing.com adresinə girirsiniz və özünüzə profil yaradırsınız. Çalışın özünüz haqqında bacardıqca çox bilgi paylaşın, bu, insanların sizi tanıyıb, güvənməsində eyni zamanda ortaq maraqları olan insanları tapmanızda çox faydalıdır. Orda qarşınıza çıxan sualları çalışın cavablayın, vaxtınızı çox az alacaq. Xüsusilə haralara səyahət etmisiniz, hansı dilləri bilirsiniz, hansı dilləri öyrənmək istəyirsiniz, növbəti səyahət planınız haradır kimi. Evinizdə qonaq qəbul etmək sizin üçün uyğundursa bunu da qeyd edin, əgər əmin deyilsinizsə "Bəlkə Hə" düyməsini seçin. Bu arada Azərbaycan dili yoxdur saytda, amma Rus və ya İngilis dilində rahat istifadə edə bilərsiniz. Əgər sizin dəqiq tarixli səyahət planınız varsa, orda bunun üçün də bölmə çıxacaq və ora dəqiq tarixi, məkanı, neçə nəfər olduğunuzu qeyd edirsiniz. Və couchsurfing özü sizə həmin yerlərdəki qonaq qəbul edən insanları çıxaracaq. Bəzən ola bilər ki, həmin insanlar özləri sizə yazıb qonaq dəvət etsinlər, amma çox zaman siz özünüz o insanları tapıb yazmalısınız. Bəs tanımadığımız insanı necə seçək? Necə ona evimizi açaq və ya onun evinə gedək? Bu qorxulu deyilmi? Əlbəttə bu bir az ehtiyatlı olmağımız lazım olan məsələdir. Bunun üçün seçdiyimiz adamların profillərini diqqətlə incələyirik, xüsusilə də başqalarının onlar haqqında yazdığı şərhləri (references bölməsi). Əgər pozitiv reference-lər çoxdursa, neqativ demək olar ki yoxdursa o zaman rahat ola bilərik. Couchsurfing hər təcrübədən sonra 2 tərəfə də şərh yazmaq üçün istək göndərir, hər 2 tərəf də yazmayınca o şərhləri profillərdə 1 müddət paylaşılmır. Yəni, 2 tərəf də bir birindən xəbərsiz şərh yazır və bu da əslində şərhlərin daha obyektiv olmasına kömək edir. Digər deyə biləcəyim şey isə çalışın couchsurfing edəcəyiniz günləri minimum tutun, 1-2 gün idealdır, çünki bir insanın tanımadığı birinə uzun müddət qapılarını açma ehtimalı azdır.

Bundan əlavə saytda müxtəlif qruplar tapa bilərsiniz ki, burda insanlar müəyyən mövzularda bir birilərindən ya məsləhətlər alırlar ya hər hansı mövzunu müzakirə edirlər. Həmçinin səyahət etmək üçün yoldaş da bu platformada axtara bilərsiniz. Bir sözlə səyahət və yeniliklər sevənlər üçün faydalı platformadır.

Növbəti postumda ilk Couchsurfing təcrübəmi paylaşacam. Əgər bir sualınız və ya fikriniz varsa şərhlər bölməsində yaza bilərsiniz. Eləcə də şərhlərdə sizin də varsa couchsurfing təcrübələrinizi oxumaq istəyərəm.