Fitik asidli qidaları necə yeyək?

Fitik asidli qidaları necə yeyək?

Qidalanma


Niyə bəzi bitki mənşəli qidaları bişirməzdən və yeməzdən əvvəl sirkəli suda saxlayırıq? Bunun səbəbi həmin bitkilərdəki Fitik asiddir. Fitik asid bitkinin toxumunda olan fosfatın əsas mənbəyidir. Bunlara badam, mərcinin hər növü, paxlalılar, lobya, noxud və s kimi toxumlar daxildir. Fitik asid toxumun cücərməsi üçün əsas amillərdən biridir. Yəni toxum cücərməsi üçün içindəki fitik asiddən istifadə edir, onu parçalayır və cücərir. Bəs insan orqanızmində fitik asid nə edir? İnsanın həzm sistemi fitik asidi həzm edə bilmədiyi kimi, fitik asid həmin bitkinin tərkibindəki faydalı mineralların həzm olunmasını, sorulmasını da çətinləşdirir. Bu bir tərəfdən həzmsizlik, digər tərəfdənsə mineral çatışmazlığı yarada bilər. Fitik asid dəmir, sink, kalsium kimi mineralların sorulmasını çətinləşdirir. Amma digər tərəfdənsə bəzi araşdırmalar göstərib ki, fitik asid həm də orqanizmimiz üçün faydalıdır, çünki antioksidantdır. Böyrək daşlarına və xərçənginə, ürək-damar sistemi xəstəliklərinə qarşı bizi müdafiə etdiyi də düşünülür. Həmçinin araşdırmalar göstərib ki, əgər bir insanın dieti balanslıdırsa, onun özünü fitik asiddən qorumasına ehtiyac yoxdur, çünki balansli dieti olan insanlarda mineral çatışmazlığı yaşanmır. Bəs kimlər ehtiyatlı olmalıdır? Balanslı dieti olmayan insanlar ( ki müasir dövrdə balanslı dieti olmamaq çox normal hal hesab edilir), dietinin çoxunluğunu fitik asidlə zəngin qidalar təşkil edənlər, əti az və ya heç yeməyənlər, yəni vegan və vegeterian insanlar mineral çatışmazlığı yaşaya biləcəklərdirlər. Ətdəki protein mineralların sorulmasına kömək etdiyi üçün fitik asidli qidaların verdiyi mineral çatışmazlığını tarazlaya bilir.

Nəticə olaraq, fitik asidli qidalar uzun müddətdə problemlər yarada bildiyi kimi, düzgün balanslı dieti olan insanlarda heç bir narahatlığa səbəb vermir.

Əgər dietimiz düzgün deyilsə, vegan və ya vegeterianıqsa, və ya o qidaları yeyendə həzmsizlik, narahatlıq hiss ediriksə, o zaman bir neçə üsulla fitik asidi bacardığımız qədər azalda bilərik qidalardan.

  1. Toxumu cücərtmək, yuxarıda da qeyd etdiyim kimi cücərmiş toxum fitik asiddən istifadə edir və onu asidsizləşdirir.
  2. Toxumları 24 saat suda saxlamaq
  3. Toxumları fermentasiya etmək. Bunun üçün toxumları 6-24 saat ərzində orqanik sirkəli suda saxlamaq lazımdır. Bu proseslərdən sonra yadda saxlamaq lazımdır ki, fitik asid həmin suya keçir və biz toxumu istifadə etməzdən əvvəl həmin saatlarla saxladığımız suyu süzüb, toxumları isə yuyub sonra istifadə etməliyik ki, fitik asiddən azad olaq.
  4. C vitamini əlavələrini həkiminizlə məsləhətləşərək qəbul edə bilərsiniz, C vitamini mineralların sorulmasını təmin edir.

Maraqlı məlumatlar:

  1. Son illər elm insanları yeni növ fitik asidsiz toxumlar istehsal etməyi hədəfləyirlər. Sırf vegan və vegeterian insanlar üçün. Çünki onlar proteini çoxunluqla paxlalı bitkilər, noxud kimi qidalardan alırlar. Yəni bol fitik asidli dieti olan insanlardırlar.
  2. Fitik asidi biz həzm edə bilməsək də, qoyun, keçi və s. kimi ruminant heyvanların həzm sistemində fitaz sekresiya edən flora var ki onlar fitik asidi həzm edə bilirlər. Fitaz fitik asidi lizis edən (parçalayan) fermentdir.
  3. Sağlam olmağın ən birinci yolu isə balanslı diet deyil, balanslı və xoşbəxt hiss etməkdir :)