İnstagramsız 21-ci gün
Düşüncələrim
Bu planladığım bir şey deyildi. Mən ara sıra İnstagram detoksu edirəm psixologiyamı qorumaq adına :) Bəzən bu 2-3 gün, bəzənsə 1 həftə çəkirdi. Bu dəfə deyəsən rekordu qırdım :D Heç darıxmadım İnstagramsız, fərqinə vardım ki İnstagram olanda daha çox darıxırmışam. Çünki bəzi günlər heçnə etmək istəməyəndə İnstagram kömək edirdi və mən saatlarımı sadəcə telefon ekranını aşağı yuxarı çəkməklə keçirə bilirdim. Bunun fərqində olmuruq 5 dəqiqə baxım görüm nə var nə yox deyib saatlar keçir və bilmirik, hiss etmirik. İnstagramsız olduğum müddətdə daha çox gəzdim, daha çox yeni insanla tanış oldum, bitirə bilmədiyim kitabımı bitirdim, uzun müddət baxmaq istədiyim kinoya baxdım :) Və daha çox xoşbəxt hiss etdiyimi fərq etdim. Mən İnstagramda çox vaxt keçirən biri kimi görünürdüm, əslində doğrudur bu. Çünki əslində sosial biri deyiləm, hər kəslə mehriban ola bilən və ya sevdiyim insanlarla hər gün danışa bilən biri deyiləm, mən təkliyimi, özümlə baş-başa qalmağı daha çox sevirəm. Və insanlara isinməm uzun zaman alır. Bunun əlbəttə mənfi tərəfləri də müsbət tərəfləri də var. Məncə insanın özünü tanıması hər şeydən daha üstündür, nəyinki sosial ya da anti-sosial olması. Mən sosial olmayan biri olaraq nələrdə yaxşıyam?
Özümü tanımaqda, tək düşünə bilməkdə, tək heç yayınmadan dərs oxuyub, bilmədiyim anlamadığım şeyləri heç kəsdən soruşmadan özüm dərinə gedərək tapmaqda, həyatımı planlı, düzənli yaşamaqda, təkcə uzun yola çıxmaqda və ya təkcə gəzməkdən həzz almaqda və s. Qısaca yalnızlığım məni yormur, əksinə yeni şeylər kəşf etməkdə, düşünə bilməkdə, yaradıcılığımı ortaya çıxarmaqda, daha produktiv olmadqa çox daha yardımcı olur.
Bəs anti-sosial olmaqla nələri itirirəm? Bəlkə yaxşı dostluqlar itirirəm, bəzən tanımadığım bir insanla söhbət eləmək fürsəti əldə edirəm və əslində o insanla danışmağı çox istəyirəm amma ağzımı bıçaq açmır və ya bir başqasına ilk addımı atmaq daha çətindir mənə və s. Amma bu mənfi tərəflərimin üstündə işləməyə başlamışam və məncə hələki yaxşı gedirəm.
Və sizə bir şey deyim? Sosial şəbəkələrdə daha çox vaxt keçirən insanlar anti-sosial insanlardır çoxunluqla, sosiallaşma ehtiyaclarını realda yox sosial şəbəkələrdə ödəyirlər. Mənim kimi :) Amma mən tez-tez sosial şəbəkələrdə belə sosiallaşmaqdan bezirəm deyə detoks edirəm zaman-zaman. Amma İnstagramsız bu 18 gündə real həyatda hətta heç tanımadığım, başqa millətlərdən olan insanlarla daha çox sosiallaşdım. Və bu daha çox xoşuma gəlir, çünki 0-dan dostluqlar qurmağa başlayırsan və bu dəfə daha şüurlu şəkildə seçirsən dostlarını. Doğrudur bundan əvvəl də öz seçimimizlə seçmişik dostlarımızı, amma bir az da seçimdən əlavə şans məsələsi idi və həmişə birlikdə olduğun üçün bəlkə də sənə uyğun olmayan insanlarla məcburiyyətdən dostluq etmisən illərlə, eyni yerdə işləmisən ya oxumusan ya da başqa səbəblərdən dolayı istəmədiyin dostluqları davam etdirmisən. Təbii ki, bütün köhnə dostluqlar pisdir deyə bir şey yoxdur. Çox əla dostluqlarımız da olur uşaqlıqdan qoruyub bugünə qədər gətirə bildiklərimiz. Amma zorlu dostluqlar qırılır və sən uzaqda olduğun üçün 0-dan milliyətinin, dilinin, dininin, sosial statusunun nə olmasından asılı olmadan dostlarını özün seçə bilirsən...
İnstagramsız olmağın növbəti müsbət tərəfi isə öz istəklərini bilməkdir. Çünki çox zaman instagramın təsiri altında başqalarında gördüyümüzün bizim istəyimiz olduğunu sanırıq. Məsələn azmı olur sevərək izlədiyimiz biri hər hansı bir geyimi geyinir deyə bəlkə də istəmədən ya bizə yaraşmadan o geyimi sahiblənirik. Və ya hər hansısa saç düzümü. Hətta kitab belə sırf sevdiyimiz insan bu kitabı oxuyur deyə bizə birşey qatmayan kitabı oxumağa cəhd edirik və s. Mən tez-tez etdiyim şeylərdə özümü sorğulayırdım. Görəsən bunu instagram üçün mü edirəm? İnstagram olmasaydı da bunu edərdim mi sualını özümə çox verirdim. Mən səyahət etməyi dəhşət çox sevirəm, İnstagram olmayan vaxtlardan həvəslə səyahət etməyi istəyirdim və ya ilk fürsətdə bacardığımı edirdim. Amma instagram adamı elə bir yanılqı içinə salır ki, artıq nəyi özün istədiyin üçün etdiyini nəyi instagramda paylaşmaq üçün etdiyini anlaya bilmirsən. Hətta bəzən sualına cavabı özün belə tapa bilmirsən. Və mən İnstagramsız günlərimdə nəyi heç düşünmədən, İnstagramın olmamasının əksikliyini hiss etmədən edirəmsə bu şeyi özüm istədiyim üçün etdiyimə əmin oluram.
Ən əsası da gün ərzində 1, 2, 3 (kim nə qədər istifadə edirsə) saat əlavə istədiklərini etməyə vaxtın qalır. Tezliklə qısa müddətlik aktiv edəcəm hesabımı, çünki bəzən lazım olan bilgiləri ən tez və rahat İnstagramda tapmaq olur və mənim o bilgilərə ehtiyacım olacaq bir dönəmə girirəm. Və yenidən instagramsız daha xoşbəxt həyatıma geri dönəcəm :D
İndi isə səyahətdəyəm, hətta düşünürdüm ki yəqin səyahətdə ürəyim istəyəcək instagramı aktivləşdirmək, əksii oldu! Çünki telefona daha az baxıb, səyahətimin dadını rəsmən çıxarırammış :) İnstagramın əvəzinə səyahət dəftərim var, artıq unutmaq istəmədiyim anlarımı yaşadıqca dəftərimə yazıram.
Central Perk Cafe Manchester
Səyahət gündəliyim
Hal-hazırda İnstagramı qəti istəmirəm, amma bəzən lazım olur hər hansı məlumatı əldə etmək üçün və ya bəzən bəzi şəkilləri paylaşıb sadəcə şəkil albomu kimi xatirəm qalsın da istəyirəm. Amma hələ ki instagramı necə effektiv istifadə edə bilərəmimin dəqiq formulunu tapa bilməmişəm, bu formulu tapsam bəlkə bezmədən və effektiv istifadə edə bilərəm. Çünki zaman itirməkdən də əlavə mən İnstagramda enerji də itirirdim. İnsanlarla çox içli-dışlı olursan, kim hardadı, nə edir, necə edirə qədər nə qədər insan görürsən və fərqində olmadan beyin yorulur. Bunu da ancaq detoks zamanı fərq edirsən :)
Bəs sizin effektiv sosial şəbəkə istifadə etmək formullarınız var?